İnsan münasibətlərinin ən dəyərli xüsusiyyətlərindən biri təhlükəsizlik hissidir. Biz sevdiyimiz, güvəndiyimiz və həyatımızı bölüşdüyümüz insanların yanında özümüzü rahat hiss etmək, fikirlərimizi açıq ifadə etmək və hisslərimizin qəbul olunduğunu bilmək istəyirik. Sağlam münasibətlər insanın daxili sabitliyini gücləndirir, ona özünü daha yaxşı tanımağa və həyatda qarşılaşdığı çətinliklərlə daha inamla üzləşməyə kömək edir. Lakin bəzi hallarda münasibətlər insanı möhkəmləndirmək əvəzinə onun öz daxili dayaqlarını sarsıtmağa başlayır. Bu proses çox vaxt qəfil və nəzərəçarpacaq şəkildə baş vermir. Əksinə, hər şey kiçik və əhəmiyyətsiz görünən epizodlarla başlayır və məhz buna görə qazlaytinq uzun müddət diqqətdən kənarda qala bilir.
Təsəvvür edin ki, siz müəyyən bir söhbəti dəqiq xatırlayırsınız. Həmin söhbətdə deyilən sözlər, verilən vədlər və hətta danışığın tonu belə yaddaşınızda aydın şəkildə qalıb. Lakin qarşı tərəf həmin söhbətin ümumiyyətlə baş vermədiyini iddia edir. Siz əvvəlcə təəccüblənirsiniz, sonra tərəddüd etməyə başlayırsınız və bir müddət sonra özünüzdən soruşursunuz: “Bəlkə həqiqətən də səhv xatırlayıram?” İlk baxışda bu, adi anlaşılmazlıq kimi görünə bilər. Axı hər bir insan hadisələri fərqli şəkildə xatırlaya bilər. Ancaq belə hallar davamlı xarakter aldıqda və zaman keçdikcə təkrarlanmağa başladıqda insanın daxilində daha dərin bir proses baş verir. O, artıq yalnız konkret hadisələrə deyil, öz yaddaşına, hisslərinə və mühakimə qabiliyyətinə də şübhə etməyə başlayır.
Məhz bu nöqtədə qazlaytinq adlandırılan psixoloji mexanizm meydana çıxır. Qazlaytinq sadəcə fikir ayrılığı və ya müxtəlif baxış bucaqlarının toqquşması deyil. Bu, insanın öz reallıq hissini sistemli şəkildə zəiflədən, onun daxili inamını sarsıdan və öz qavrayışına olan etibarını tədricən məhv edən manipulyasiya formasıdır. Ən təhlükəli tərəfi isə ondan ibarətdir ki, bu proses çox vaxt açıq zorakılıq kimi görünmür. Burada nə qışqırıq, nə də aşkar təhdidlər olur. Əksinə, hər şey sakit, gündəlik və bəzən hətta qayğıkeş görünən ünsiyyətin içində baş verir.
Qazlaytinq anlayışının tarixi də olduqca maraqlıdır
Termin öz adını 1938-ci ildə yazılmış “Gas Light” adlı britaniya pyesindən almışdır. Əsərin süjetində ər həyat yoldaşını öz ağlından şübhələnməyə məcbur etmək üçün evdəki müxtəlif detalları dəyişdirir və sonra baş verənləri inkar edir. Qadın gördüklərinə və hiss etdiklərinə inansa da, qarşı tərəfin davamlı təkzibləri nəticəsində reallıq hissini itirməyə başlayır. Sonralar bu termin psixologiyada geniş istifadə olunmağa başladı və bir insanın digərinin reallıq qavrayışını məqsədli şəkildə sarsıtmasını təsvir edən anlayışa çevrildi.
Müasir psixologiyada qazlaytinq emosional manipulyasiyanın ən mürəkkəb formalarından biri hesab olunur. Bunun səbəbi onun birbaşa davranışlara deyil, insanın özünü və dünyanı qavrama üsuluna təsir etməsidir. İnsan hər dəfə öz yaddaşını, hisslərini və təcrübələrini sorğuladıqda daxili sabitliyi bir qədər də zəifləyir. Zaman keçdikcə bu proses yalnız münasibətlərə deyil, özünəinam hissinə, qərarvermə qabiliyyətinə və ümumi psixoloji rifaha da təsir göstərməyə başlayır.
Ən maraqlı məqamlardan biri odur ki, qazlaytinq çox nadir hallarda dramatik hadisələrlə başlayır. Əksər hallarda manipulyasiya kiçik ifadələrdən ibarət olur. Qarşı tərəf sizə “Sən həmişə hər şeyi şişirdirsən”, “Bunu heç vaxt deməmişəm”, “Sən çox həssassan”, “Sən hadisələri düzgün xatırlamırsan” kimi cümlələr söyləyə bilər. Ayrı ayrılıqda bu sözlər ciddi görünməyə bilər. Lakin onlar davamlı olaraq təkrarlanmağa başladıqda insanın öz hisslərinə olan inamını tədricən aşındırır.
Amerikalı psixoloq Robin Stern qazlaytinqnin inkişafını üç mərhələ ilə izah edir. Birinci mərhələdə insan daxilində müəyyən narahatlıq hiss etsə də, öz intuisiyasına və qavrayışına hələ də inanır. O, ziddiyyətləri görür və onları fərq edir. İkinci mərhələdə isə vəziyyət mürəkkəbləşməyə başlayır. İnsan artıq qarşı tərəfin fikirlərini daha ciddi qəbul edir və öz yaddaşına əvvəlki qədər güvənmir. Daxili qarışıqlıq artır və o, hadisələri yenidən qiymətləndirməyə çalışır. Üçüncü mərhələdə isə insanın öz reallıq hissi ciddi şəkildə zədələnir. O, qərar vermək üçün daim başqalarının təsdiqinə ehtiyac duyur və öz mühakiməsinə etibar etməyi dayandırır.
Qazlaytinqnin ən çox rast gəlinən əlamətlərindən biri faktların sistemli şəkildə inkar edilməsidir. Siz müəyyən hadisəni xatırladığınızı söyləyirsiniz, lakin qarşı tərəf onu tamamilə rədd edir. Daha sonra həmin hadisə haqqında yenidən danışdıqda siz artıq əvvəlki qədər əmin olmursunuz. Bir müddət sonra isə öz yaddaşınıza qarşı şübhə hiss etməyə başlayırsınız. Bu şübhə təkcə bir hadisə ilə məhdudlaşmır və zaman keçdikcə həyatın müxtəlif sahələrinə yayılır.
Digər mühüm əlamət emosional reaksiyaların dəyərsizləşdirilməsidir. Hər bir insanın hissləri onun daxili dünyasının təbii və vacib hissəsidir. Lakin qazlaytinq zamanı insanın emosiyaları davamlı şəkildə əhəmiyyətsizləşdirilir. Narahatlığınız, kədəriniz və ya incikliyiniz real səbəblərlə əlaqələndirilmir. Əksinə, bunlar sizin xarakterinizin zəif tərəfi kimi təqdim olunur. Belə münasibət insanı öz hisslərindən uzaqlaşdırır və nəticədə o, emosional siqnallarına etibar etməyi dayandırır.
Bununla yanaşı, ünsiyyətin istiqaməti də dəyişir. Siz konkret bir problemi müzakirə etmək istədiyiniz zaman söhbət qəfil başqa mövzuya yönləndirilir. Əsas məsələ həll olunmur və diqqət sizin keçmiş səhvlərinizə, xarakterinizə və ya ümumi davranışlarınıza çəkilir. Nəticədə problem həmişə açıq qalır və siz özünüzü daim müdafiə mövqeyində hiss etməyə başlayırsınız.
Bu proses çox vaxt sosial təcridlə də müşayiət olunur. Manipulyasiya edən insan yaxınlarınızın fikirlərini dəyərsizləşdirə, dostlarınızın sizə təsir etdiyini iddia edə və ya ailənizin sizi başa düşmədiyini söyləyə bilər. Başlanğıcda bu fikirlər qayğı və ya narahatlıq kimi görünə bilər. Lakin zaman keçdikcə insan ətrafındakı insanlardan uzaqlaşır və yalnız manipulyasiya edən şəxsin baxışlarına etibar etməyə başlayır. Bu isə qazlaytinqnin təsirini daha da gücləndirir.
Psixoloqlar qeyd edirlər ki, qazlaytinqnin təsir gücü onun yaratdığı emosional qeyri sabitliklə də bağlıdır. Manipulyasiya edən şəxs hər zaman soyuq və aqressiv olmur. Əksinə, bəzən olduqca diqqətli, qayğıkeş və sevgi dolu görünə bilər. Məhz bu mərhələlər münasibətin yaxşılaşdığına dair ümid yaradır. İnsan düşünür ki, bəlkə hər şey düzəlir və çətinliklər geridə qalır. Lakin bir müddət sonra eyni davranışlar yenidən təkrarlanır. Bu emosional dalğalanmalar insanı münasibətin içində saxlamaq üçün güclü psixoloji mexanizmə çevrilir.

Qazlaytinqnin insan psixikasına təsiri düşündüyümüzdən daha dərindir. Müasir tədqiqatlar göstərir ki, uzun müddət davam edən emosional manipulyasiya stress səviyyəsini artırır, qərarvermə proseslərini çətinləşdirir və insanın özünü müdafiə mexanizmlərini zəiflədə bilər. İnsan daim öz düşüncələri ilə başqalarının təqdim etdiyi reallıq arasında qalır. Bu vəziyyət psixologiyada koqnitiv dissonans adlanır və ciddi daxili gərginlik yaradır.
Lakin bütün bunlara baxmayaraq, qazlaytinqdən çıxış yolu mövcuddur. Sağalma prosesi adətən vəziyyəti tanımaqla başlayır. İnsan baş verənlərin adını qoyduğu anda artıq ilk addımı atmış olur. Çünki anlayış və fərqindəlik qarışıqlığın yerini aydınlığa verməyə başlayır.
Bu mərhələdə gündəlik qeydlər aparmaq son dərəcə faydalı ola bilər. Hadisələri, söhbətləri və hissləri yazmaq insanın öz təcrübəsini daha obyektiv şəkildə görməsinə kömək edir. Vaxt keçdikcə bu qeydlər reallığın sabit xəritəsinə çevrilir və insanın öz yaddaşına olan etibarını bərpa edir.
Eyni zamanda etibarlı dostların, ailə üzvlərinin və ya peşəkar psixoloqun dəstəyi mühüm rol oynayır. Xarici baxış insanın yaşadıqlarını qiymətləndirməsinə, emosiyalarını anlamağına və reallıq hissini yenidən qurmasına kömək edir. Çünki qazlaytinq təcrid şəraitində güclənir, əlaqə və dəstək mühitində isə təsirini itirməyə başlayır.
Psixoterapiya da bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Peşəkar dəstək insanın emosional sərhədlərini müəyyən etməsinə, öz ehtiyaclarını daha yaxşı anlamasına və daxili səsinə yenidən qulaq asmasına şərait yaradır. Bu, zəiflik deyil, əksinə öz rifahına və psixoloji sağlamlığına məsuliyyətlə yanaşmağın göstəricisidir.
Əgər bu məqalədə təsvir olunan vəziyyət sizə tanış gəlirsə, özünüzə qarşı daha mərhəmətli olmağa çalışın. Uzun müddət davam edən manipulyasiya insanın özünəinamını sarsıda bilər, lakin onu tamamilə yox edə bilməz. Hissləriniz əhəmiyyətlidir. Təcrübələriniz gerçəkdir. Yaddaşınız və qavrayışınız dəyərlidir. Bəzən insanın yenidən özünə inanması üçün yalnız bir addım kifayət edir və həmin addım yaşadıqlarını inkar etmək əvəzinə onları qəbul etməkdən başlayır.
Qazlaytinqdən sağalma prosesi bir günün içində baş vermir. Bu, insanın öz daxili səsinə qayıtdığı, öz hisslərini yenidən tanıdığı və reallığı ilə əlaqəsini bərpa etdiyi bir yoldur. Həmin yol bəzən uzun görünə bilər, lakin onun sonunda insan yalnız özünə olan inamını deyil, həm də daha sağlam, daha güclü və daha şüurlu həyat qurmaq qabiliyyətini geri qazanır.
Psixoloq Yeganə Mikayılova
Mənbələr:
Stern, R. The Gaslight Effect. Morgan Road Books, 2007.
Sweet, P.L. “The Sociology of Gaslighting”. American Sociological Review, 2019.
Herman, J. Trauma and Recovery. Basic Books, 1992.
Johnson, V.E. et al. “Gaslighting and Intimate Partner Violence”. Journal of Family Violence, 2021.