Bir zamanlar gün ərzində başına gələn hər hadisəni həyəcanla danışan, məktəbdə yaşadıqlarını, dostları ilə söhbətlərini və ən kiçik hisslərini belə bölüşən uşağınız birdən dəyişmiş kimi görünür. İndi isə suallarınıza qısa cavablar verir, çox vaxt otağına çəkilir və sanki sizinlə arasında görünməz bir məsafə yaranır. Bir çox valideyn üçün məhz bu mərhələ uşağın böyümə prosesinin ən çətin və emosional hissələrindən birinə çevrilir.
Valideynlər tez tez özlərinə eyni sualları verirlər. Nə dəyişdi? Niyə mənimlə əvvəlki kimi danışmır? Harada səhv etdim? Bəzən isə bu dəyişiklik şəxsi rədd edilmə kimi qəbul olunur və ailə daxilində narahatlıq artır.
Əslində isə əksər hallarda baş verənlər nə münasibətlərin pozulmasıdır, nə də valideyn sevgisinin azalması. Bu, yeniyetməlik dövrünün təbii xüsusiyyətidir. Daha da vacibi odur ki, susmaq, uzaqlaşmaq və şəxsi məkan yaratmaq cəhdləri çox vaxt problem deyil, inkişaf prosesinin normal hissəsidir.
Yaxşı xəbər ondan ibarətdir ki, bu vəziyyətin səbəbləri elmi cəhətdən yaxşı araşdırılıb. Çətin tərəfi isə budur ki, uşaqlıq dövründə işləyən ünsiyyət üsulları artıq əvvəlki effektivliyini itirir. Bəzən valideynlərin ən yaxşı niyyətlə etdikləri davranışlar belə yeniyetməni daha çox qapanmağa sövq edə bilir. Bunun əsas səbəbi sadədir. Yeniyetmə beyni artıq uşaq beyni deyil və hələ tam formalaşmış yetkin insan beyni də hesab olunmur.
Yeniyetmə beynində əslində nələr baş verir?
Yeniyetməlik yalnız fiziki dəyişikliklər dövrü deyil. Bu mərhələ insan beyninin həyat boyu keçirdiyi ən böyük yenidənqurma proseslərindən biridir. Alimlər göstərirlər ki, məhz bu yaşlarda beyində milyonlarla yeni əlaqə formalaşır, köhnə əlaqələrin bir hissəsi isə yenidən təşkil olunur.
Xüsusilə prefrontal korteks adlanan sahə mühüm dəyişikliklər yaşayır. Bu hissə məntiqli qərar vermək, gələcəyi planlaşdırmaq, emosiyaları idarə etmək və impulsları nəzarətdə saxlamaq kimi funksiyalara cavabdehdir. Maraqlıdır ki, bu strukturun tam inkişafı çox vaxt yalnız iyirmi beş yaşa yaxın tamamlanır.
Digər tərəfdən emosiyalarla və mükafat hissi ilə əlaqəli limbik sistem daha erkən aktivləşir. Nəticədə yeniyetmə hadisələri son dərəcə güclü şəkildə hiss edir, lakin həmin hissləri idarə etmək üçün lazım olan neyroloji resurslar hələ tam formalaşmamış olur.
Bu səbəbdən bəzən kiçik görünən hadisələr yeniyetmə üçün böyük emosional təcrübəyə çevrilə bilir. Valideynə əhəmiyyətsiz görünən bir söz, dost münasibətlərində yaranan kiçik problem və ya məktəbdə baş verən adi hadisə onun daxili dünyasında ciddi təsir yarada bilər. Məhz buna görə yeniyetmələr bəzən kəskin reaksiya verir, bəzən isə tamamilə susurlar. Hər iki davranış çox vaxt pis xarakterin deyil, inkişaf edən beynin təbii xüsusiyyətlərinin nəticəsidir.

Niyə yeniyetmələr valideynlərdən uzaqlaşmağa başlayirlar?
Valideynlər üçün ən ağrılı məqamlardan biri uşağın getdikcə daha müstəqil görünməsidir. Halbuki bu prosesin arxasında da bioloji mexanizmlər dayanır. İnsan beyni yeniyetməlik dövründə müstəqillik qazanmağa hazırlanır. Gənc insan öz şəxsiyyətini formalaşdırmağa, fərdi qərarlar verməyə və ailədən ayrı bir kimlik yaratmağa başlayır. Bu mərhələdə muxtariyyət ehtiyacı sadəcə xarakter xüsusiyyəti deyil, inkişaf proqramının vacib hissəsidir.
Məhz buna görə valideyn nə qədər çox nəzarət etməyə çalışırsa, yeniyetmə bir o qədər güclü şəkildə məsafə yaratmağa cəhd edə bilər. Bu, sevginin azalması deyil. Sadəcə olaraq beynin müstəqilliyə doğru yönələn təbii reaksiyasıdır. Bunu anlamaq valideyn və övlad arasındakı münasibətləri əhəmiyyətli dərəcədə dəyişə bilər. Çünki o zaman yeniyetmənin davranışları şəxsi hücum və ya hörmətsizlik kimi deyil, inkişaf prosesinin bir hissəsi kimi qəbul edilir.
Niyə adi ünsiyyət üsullari effekt vermir?
Bir çox valideyn hər gün eyni sualı verir: “Məktəbdə necə keçdi?” Çox vaxt cavab da eyni olur: “Normal.” Bu vəziyyət valideynləri məyus edir. Lakin problem sualın özündədir. Yeniyetmələr belə sualları çox vaxt maraqdan çox nəzarət cəhdi kimi qəbul edirlər.
Eyni vəziyyət istənilməyən məsləhətlərə də aiddir. Yeniyetmə hər hansı çətinlikdən danışır və valideyn dərhal həll yolu təklif etməyə başlayır. Məntiqi baxımdan bu düzgün görünə bilər, lakin emosional səviyyədə yeniyetmə özünü eşidilmiş deyil, idarə olunan hiss edir.
Ardıcıl verilən çoxsaylı suallar da söhbəti asanlaşdırmır. Bir çox yeniyetmə bunu maraq kimi deyil, sorğu kimi qəbul edir. Nəticədə özünü müdafiə etməyə başlayır və ya söhbəti tamamilə dayandırır. Xüsusilə müqayisələr münasibətlərə ciddi zərər verə bilər. Başqa uşaqların nümunə göstərilməsi yeniyetmədə motivasiya yaratmaq əvəzinə utanc, qəzəb və anlaşılmamaq hissini gücləndirir. Bu isə ünsiyyət körpüsünü daha da zəiflədir.
Həqiqətən nə işləyir?
Yeniyetmələrlə sağlam münasibət qurmağın sirri onları danışmağa məcbur etməkdə deyil. Əsas məqsəd danışmaq üçün təhlükəsiz mühit yaratmaqdır. Ən effektiv üsullardan biri yan söhbətlərdir. Araşdırmalar göstərir ki, yeniyetmələr birbaşa göz təması tələb olunmayan vəziyyətlərdə daha rahat danışırlar. Məsələn avtomobildə gedərkən, birlikdə gəzərkən və ya evdə hər hansı işi birlikdə yerinə yetirərkən söhbət daha təbii alınır.
Belə hallarda diqqət tamamilə söhbətin üzərində olmur və yeniyetmə özünü təzyiq altında hiss etmir. Üz üzə söhbət bəzən sorğu kimi qəbul edilə bildiyi halda, çiyin çiyinə ünsiyyət daha təhlükəsiz görünür. Digər vacib yanaşma isə sual vermədən maraq göstərməkdir. Məsələn “Nə baş verib?” demək əvəzinə “Bu gün bir az yorğun görünürsən. Danışmaq istəsən səni dinləyərəm” ifadəsi daha yumşaq təsir bağışlayır. Bu yanaşma cavab tələb etmir. Sadəcə qapının açıq olduğunu göstərir.

Dinləmək danişmaqdan daha vacibdir
Valideynlərin çoxu övladlarına kömək etmək istəyir. Lakin bəzən ən böyük kömək heç nəyi düzəltməyə çalışmadan dinləmək olur. Yeniyetmə hisslərini paylaşarkən dərhal həll yolları təklif etmək əvəzinə onun yaşadığı emosiyanı qəbul etmək daha təsirlidir. “Ağır səslənir.” “Bu vəziyyət həqiqətən çətin görünür.” “Səni başa düşürəm.” Bu cür ifadələr yeniyetməyə onun hisslərinin vacib olduğunu göstərir. İnsan özünü eşidilmiş hiss etdikdə müdafiə mövqeyindən çıxır və ünsiyyət daha səmimi olur.
Mən ifadələrinin gücü
Valideynlər narahat olduqları zaman çox vaxt ittiham edən cümlələrdən istifadə edirlər. “Sən heç vaxt zəng etmirən.” “Sən həmişə gec cavab verirsən.” Belə ifadələr müdafiə reaksiyasını gücləndirir.Daha sağlam yanaşma öz hisslərinizi izah etməkdir.
“Məktubuma gec cavab verdikdə narahat oluram. Səni nəzarətdə saxlamaq istəmirəm. Sadəcə hər şeyin qaydasında olduğunu bilmək mənim üçün vacibdir.” Bu tip ifadələr günahlandırmır. Əksinə, emosional əlaqəni gücləndirir və qarşılıqlı anlayış yaradır.
Bəzən susmaq da normaldir
Valideynlər üçün qəbul edilməsi çətin olsa da, hər susqunluq problem əlaməti deyil. Bəzən yeniyetmənin sadəcə düşünməyə, emosiyalarını emal etməyə və ya tək qalmağa ehtiyacı olur. Belə məqamlarda davamlı israr etmək əvəzinə səbirli olmaq daha faydalıdır. “İndi danışmaq istəmirsənsə, problem deyil. Hazır olanda mən buradayam.” Bu cümlə sadə görünə bilər, lakin yeniyetməyə çox güclü bir mesaj verir. O bilir ki, qapı açıqdır və onu danışmağa məcbur edən yoxdur.
Nə vaxt daha diqqətlı olmaq lazımdır?
Əksər hallarda qapanmaq yeniyetmə inkişafının normal hissəsidir. Bununla belə bəzi əlamətlər əlavə diqqət tələb edə bilər. Davranışda qəfil və kəskin dəyişikliklər. Əvvəllər sevdiyi fəaliyyətlərə marağın tamamilə itməsi. Yuxu və qidalanma rejimində ciddi pozuntular.
Dostlardan və ailədən tam uzaqlaşma. Uzunmüddətli kədər, ümidsizlik və ya güclü narahatlıq əlamətləri. Belə hallarda peşəkar dəstək almaq vacibdir. Yeniyetmə psixoloqu ilə məsləhətləşmək problemin böyüməsinin qarşısını ala və həm valideynə, həm də yeniyetməyə vəziyyəti daha yaxşı anlamağa kömək edə bilər.
Ən vacib məqam isə budur ki, yeniyetmənin susması həmişə əlaqənin qırılması demək deyil. Çox vaxt onlar valideynlərini əvvəlki qədər sevir, sadəcə bunu fərqli şəkildə ifadə edirlər. Bu dövrdə əsas məqsəd onları danışmağa məcbur etmək deyil, etibarın qorunduğu bir münasibət qurmaqdır. Çünki yeniyetməlik keçib gedəcək, lakin bu illərdə qurulan etibar və emosional yaxınlıq ömür boyu davam edə bilər.
Material psixoloq Yeganə Mikayılova tərəfindən hazırlanıb
Mənbələr:
- Siegel, D.J. (2013). Brainstorm: The Power and Purpose of the Teenage Brain. Tarcher/Penguin.
- American Academy of Pediatrics — aap.org/adolescent-communication